No:267/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb
Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Argentina arasında olan əlaqələrin cari vəziyyətindən razılıq ifadə olundu və Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıldı.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdilər.
Tərəflər, həmçinin iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğuladılar. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Zirvə görüşündə Argentina nümayəndə heyətinin iştirakının məmnuniyyət doğuracağını həmkarının diqqətinə çatdırdı.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.