No:263/19, Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasındakı çıxışı
Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun
Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasındakı
çıxışı
Budapeşt, 19 sentyabr 2019
Həmkar Nazirlər,
Cənab Baş Katib,
Xanımlar və cənablar,
İlk dəfə olaraq Budapeştdə keçirilən Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak etmək çox xoşdur. Bu görüşdən sonra Macarıstan Baş naziri cənab Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən sonuncu Zirvə görüşü zamanı irəli sürdüyü təşəbbüsünə əsasən təşkilatın Budapeştdə Nümayəndəlik Ofisinin açılış mərasimi olacaq. Bu təşəbbüs və Türk Şurasında müşahidəçi statusu Macarıstanın Türk Əməkdaşlıq Təşkilatları və üzv ölkələri ilə yaxın və hərtərəfli münasibətlər qurmaq qətiyyətini nümayiş etdirir.
Türk Şurasının Avropanın ürəyində, Budapeştdə, Avropada tarixi Türk mövcudluğunun bərpası anlamına gələn Nümayəndəlik Ofisinin açılması böyük bir hadisədir və Avropada Türk dünyasının baxışını təqdim edən məhz Macarıstan olacaq.
Əminik ki, bu Ofis yalnız Macarıstan və üzv dövlətlər arasında davam edən əməkdaşlığın dərəcəsinin artırılması deyil, eyni zamanda Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsi mexanizmi kimi xidmət edəcək, həmçinin Avropa institutları və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayacaqdır.
Bu yaxınlarda Türk Şurasının Yüksək səviyyəli Məmurlar Komitəsinin iclasında müzakirə olunan və Nümayəndəliyin hüquqi əsasını təşkil edən Ev sahibi ölkə Sazişi və digər əlavə sənədlərə gəlincə, ümid edirik ki, bu sənədlər tezliklə qəbul ediləcəkdir.
Ötən Zirvə görüşündən bəri media və informasiya məsələlərinə məsul olan Nazirlərin toplantısı, Naxçıvanda Birinci Gənc Liderlər Forumu, Özbəkistan, Türkmənistan və Macarıstandan da diplomatların qatıldığı Gənc Diplomatların 6-cı Birgə Təlim Proqramı Azərbaycanda keçirilib.
Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvə toplantısı 15 oktyabr 2019-cu ildə Bakıda keçiriləcəkdir. Fürsətdən istifadə edərək, 7-ci Zirvə görüşünə ev sahibliyi edəcəyimizdən böyük şərəf duyduğumuzu vurğulamaq istərdim, çünki bu toplantının Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsini xüsusi hadisə hesab edirik. Həmçinin Özbəkistan Respublikasının 7-ci Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü olmaq qərarı, eləcə də Zirvə ərəfəsində Macarıstanda Nümayəndəliyin açılması diqqətə layiq hadisələrdir.
İnanıram ki, bu hadisələr Türk Şurasının doğru yolda olduğunun göstəricisidir və Özbəkistan və Macarıstan təşkilatın tədbirlərində iştirak edən sonuncu ölkələr olmayacaqlar.
Əziz həmkarlar,
Bununla, iclasa uğurlu iş arzulayır və ümid edirəm ki, görüşümüz ərzində aparılan müzakirələr öz bəhrəsini və tövsiyələrini verəcəkdir.