No:262/17, Xarici İşlər Naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı
Xarici İşlər Naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı
22 Sentyabr, 2017
Hörmətli Sədr,
Hörmətli Baş katib,
Xanımlar və cənablar,
Bu görüşün təşkilinə görə, cənab Sədr, Sizə və İƏT Baş katibinə təşəkkürümü bildirmək istərdim. Həmçinin, bu fürsətdən istifadə edərək, Kot Divuar dövlətinə Nazirlər Şurasının 44-cü iclasına uğurla ev sahibliyi etdiyinə və Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İllik Əlaqələndirmə Görüşünə yüksək səviyyədə rəhbərlik etdiyinə görə minnətdarlıq etmək istərdim.
İslam həmrəyliyinin möhkəmləndirilməsi baxımından bu il bizim üçün uğurlu il olmuşdur. Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan edilmişdir. Bakıda keçirilmiş IV Ümümdünya Mədəniyyətlərarası Dialoq üzrə Forum və IV İslam Həmrəyliyi Oyunlarında İƏT Baş katibi və digər üzv dövlətlərin iştirakından məmnunluq duyduq.
Azərbaycan hər zaman çoxmədəniyyətlilik və dinlərarası dialoqun təşviqi və genişləndirilməsi prosesinə töhfə verməyə çalışmışdır. Müxtəlif dinlər, xalqlar və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanının yaradılması məqsədi daşıyan bir çox tədbirə ev sahibliyi etmişik. Mədəni və dini rəngarəngliyə əsaslanan, ayrı-seçkiliyin mövcud olmadığı cəmiyyətin yaradılması mümkündür və Azərbaycan buna parlaq nümunədir. Azərbaycan bu ilin may ayında “Mədəniyyətlərarası Dialoqun İrəlilədilməsi-insan təhlküəsizliyi, sülh və davamlı inkişaf naminə yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forumuna uğurlu ev sahibliyindən məmnundur.
Biz həmçinin, birgə səylərimizin müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsinə yardım edəcəyinə ümid edirik.
Hörmətli dostlar,
Azərbaycan bir sıra regionlarda daha böyük təhlükəsizlik çağırışları, siyasi qeyri-sabitlik və irimiqyaslı yerdəyişmələr və misligörünməmiş humanitar böhranlara yol açan bir sıra İƏT üzv dövlətlərində müharibə və silahlı münaqişələrin mövcudluğundan ciddi narahatdır.
İlk olaraq, vurğulamaq istərdim ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilmişdir. Dünyanın bəzi hissələrində İslamın yanlış anlaşılması ilə bağlı vəziyyət İslamofobiyaya qarşı birgə fəaliyyətimizi möhkəmləndirməyə zərurət olduğunu təsdiq edir.
Biz Fələstin Dövlətinə münasibətdə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəkləyir.
20-21 iyul 2017-ci il tarixində Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İƏT-in və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi etmişdir. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikede Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılmışdır.
Möhtərəm həmkarlar və əziz qardaşlar,
Azərbaycan hökuməti və xalqı adından mən nəcib Təşkilatımız və onun üzv dövlərinə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə münasibətdə göstərdiyi tam dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Bu təcavüz Azərbaycan torpaqlarının 20 faizinin işğalı və etnik təmizlənmə nəticəsində 1 milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Azərbaycan Respublikası bir daha bəyan edir ki, öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.
Bu xüsusda, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Əlaqələndirmə Qrupu toplantısının 19 sentyabr 2017-ci ildə BMT Baş Qərargahında keçirilmiş iclasının hesabatını yüksək qiymətləndiririk.
Ermənistan siyasi-hərbi rəhbərliyinin bəyanatları müharibə ritorikası və substantiv danışıqları boykot etməsi və şərtlər irəli sürməsi münaqişənin tənzimlənməsinə konstruktiv yanaşmaya niyyətli olmadığını açıq-aşkar göstərir.
Dəyərli dostlar və qardaşlar,
Bildiyiniz kimi, bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd olunur. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.
Fürsətdən istifadə edərək, İƏT Baş katibi Yusif bin Əhməd əl-Useyminə və üzv dövlətlərə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” başlıqlı qətnamələrin, eləcə də İƏT Nazirlər Şurasının 10-11 iyul 2017-ci il tarixində Abicanda keçirilmiş 44-cü iclası çərçivəsində digər sənədlərin qəbulunda ədalətli mövqeyi və dəstəyinə görə bir daha təşəkkürümü bildirirəm.
Cənab Sədr,
Azərbaycan İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlər arasından EXPO-2025-ə yeganə namizəddir. Azərbaycanın namizədliyinin dəstəklənməsi xahişi ilə möhtərəm üzv dövlətlərə məktubla müraciət etmişəm.
Təşəkkür edirəm.