No:260/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Fransa səfirinin XİN-ə dəvət edilməsi barədə məlumatı

28 may 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib. 

 

Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib.

 

Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda  Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.

 

Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti