No:259/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xdməti idarəsinin nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa Media Forumunun iştirakçıları ilə görüşünə dair məlumatı

27 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa Media Forumunun iştirakçıları ilə görüşüb. 

 

Görüşdə Media Forumunda 9 ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Almaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan media agentliklərini təmsil edən 22 nümayəndə iştirak edib.

 

Nazir Ceyhun Bayramov media nümayəndələrinə Azərbaycanın xarici siyasət prioritetləri və bölgədəki rolu, o cümlədən müstəqilliyini bərpa etdiyi ilk gündən üzləşdiyi təcavüz siyasəti və nəticələri, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən 44 günlük müharibə, postmünaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin görüşləri nəticəsində əldə edilən razılaşmaların icrası, o cümlədən sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, kommunikasiyaların açılışı ilə bağlı məsələlərə dair məlumat verib. Nazir iştirakçılarla bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışlarını bölüşüb.

 

Daha sonra AR XİN rəhbəri media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti