news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 sentyabr 2019

No:257/19, Xarici işlər naziri Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqer ilə görüşdü

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqer ilə görüşdü.

Görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə etdilər.

Qarşı tərəf Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələrə istinad edərək Vatikanda həyata keçirilən bir sıra tarixi abidələrin bərpası işlərini yüksək qiymətləndirdi. Öz növbəsində nazir Elmar Məmmədyarov Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirərək, Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini bildirdi. 

Görüş əsnasında nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi. 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardılar.


 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti