No:253/23, Nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirliyinin futbol komandasının üzvləri ilə görüşünə dair mətbuat məlumatı

10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilmiş minifutbol turnirində “Ən yaxşı Fair Play komandası” mükafatına layiq görülmüş Xarici İşlər Nazirliyinin (XİN) futbol komandasının üzvləri ilə görüşüb.

 

Nazir Ceyhun Bayramov, 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək keçirilmiş, 52 dövlət qurumunun iştirak etdiyi minifutbol turnirində mükafata layiq görülməsi münasibətilə komanda üzvlərini təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb. 

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, yüksək səviyyədə təşkil edilmiş və gərgin mübarizə şəraitində keçən turnirin qrup mərhələsində XİN-in komandasının keçirdiyi 12 oyundan 9-da qalib gələrək öz qrupunda ikinci ən yüksək nəticə göstərməsinin XİN kollektivi tərəfindən sevinclə qarşılandığı diqqətə çatdırılıb.

 

Kifayət qədər rəqabətli keçən oyunlarda etika və qarşılıqlı hörmət prinsipləri, turnirin qaydaları və tələbələrinə riayət olunmasında nümunəvi yanaşma sərgiləyən komandamızın turnirin “Ən yaxşı Fair Play komandası” mükafatına layiq görülməsinin təqdirəlayiq olduğu bildirilib.

 

Sözügedən turnirin sağlam və fiziki cəhətdən fəal həyat tərzinin təbliğini özündə əks etdirdiyini, o cümlədən dövlət qurumları əməkdaşları arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov,  bu xüsusda turnirin yüksək səviyyədə təşkilinə görə turnirin təşkilatçısı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təşəkkür ifadə edib.

 

Daha sonra çıxış edən XİN-in futbol komandasının kapitanı olmuş xarici işlər nazirinin müavini Elnur Məmmədov keçirilmiş futbol oyunları barədə təəssüratlarını bölüşüb, bundan sonra da aktiv şəkildə yarışlarda uğur qazanılması istiqamətində səy göstəriləcəyini diqqətə çatdırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti