No:252/19, Nazir Elmar Məmmədyarov BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının baş direktoru ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş direktoru Qu Donyqu ilə görüşüb. FAO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə Qu Donqyunu təbrik edən nazir Elmar Məmmədyarov ona fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanla FAO arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib.
Təbriklərə görə təşəkkürünü bildirən Qu Donqyu hazırkı vəzifəsində ilk xarici işlər naziri olaraq Elmar Məmmədyarov ilə görüşündən məmnunluğunu ifadə edib, Azərbaycanı MDB məkanında FAO ilə ən səmərəli əməkdaşlıq edən ölkə kimi qiymətləndirib. Qu Donqyu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi fəaliyyətini yüksək qiymətləndirib və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılmasını müsbət təcrübə kimi dəyərləndirib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına yararlı torpaqların bir hissəsinin işğala məruz qalmasının və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinin ölkəmizdə kənd təsərrüfatı sektoruna da böyük ziyan vurduğunu və ərzaq təhlükəsiziliyinin təmin edilməsində ciddi çətinliklər yaratdığını bildirib. Elmar Məmmədyarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə dövlət qayğısı və bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sektorunda əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Ölkəmizin FAO ilə əməkdaşlığının əhəmiyyətindən danışan nazir Elmar Məmmədyarov, bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və IDEA İctimai Birliyinin töhfələrini xüsusilə vurğulayıb.
Görüşdə Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri, habelə bu əməkdaşlığın Cənub-Cənub tərəfdaşlığı çərçivəsində və üçüncü ölkələrin də cəlb olunması yolu ilə inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nazir Elmar Məmmədyarov FAO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilmiş “Azərbaycan otağı”na baxış keçirib. Elmar Məmədyarovun nəzərinə çatdırılıb ki, Azərbaycanın mədəniyyətini və milli ruhunu əks etdirən “Azərbaycan otağı” öz dizaynı, cəlbediciliyi və praktikliyi baxımından FAO rəsmiləri tərəfindən yüksək qiymətləndirilir.