No:251/17, Xarici işlər naziri Elmar Məmmədyarov Laos Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitlə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Laos Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Laosun xarici işlər naziri Salımsay Kommasitlə görüşdü.
Nazir Elmar Məmmədyarov həmkarının 18-20 iyun 2017-ci il tarixində Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin, xüsusilə də siyasi dialoqun inkişaf etdirilməsində əhəmiyyətli rol oynadığını qeyd etdi. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının vacib platforma olacağına ümidvar olduğunu əlavə etdi.
Elmar Məmmədyarov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarını dəyərləndirərək, nəqliyyat, enerji, kənd təsərrüfatı sahəsini xüsusilə qeyd etdi. Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu irimiqyaslı enerji, infrastruktur və nəqliyyat layihələri barəsində danışan nazir Laos tərəfinə Şimal-Cənub dəhlizinin potensialının nəzərdən keçirilməsini təklif etdi.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son statusu barəsində həmkarını məlumatlandırdı və S.Kommasitin Azərbaycana səfəri zamanı imzalanmış birgə mətbuat açıqlamasında da qeyd edildiyi kimi, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan etdi.
Nazir Salımsay Kommasit Azərbaycana rəsmi səfəri və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşərək, Laosun Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində, xüsusilə enerji sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirdi.
Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən Salımsay Kommasit bu sahədə əlaqələrin davam etdirilməsinin arzuolunan olduğunu vurğuladı.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısının Bakıda keçiriləcəyini qeyd edərək bu çərçivədə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.
Nazirlər “Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.