news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 sentyabr 2017

No:250/17, Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounhanq Voraçit ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Bounhanq Voraçit ilə görüşüb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Laosun dövlət başçısına çatdırdı.

Laos Prezidenti Bounhanq Voraçit Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarına görə təşəkkür etdi, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Prezident Bounhanq Voraçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirdi.

Azərbaycan və Laos arasında ənənəvi dostluğa toxunan Prezident Bounhanq Voraçit çoxsaylı Laos tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür etdi və bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd etdi.

Nazir Elmar Məmmədyarov bu ilin iyununda laoslu həmkarının Azərbaycana ilk rəsmi səfərini xatırladaraq, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətinə toxundu. Bu xüsusda, Elmar Məmmədyarov laoslu həmkarı Salimsay Kommasit Azərbaycanda rəsmi səfərdə olarkən “Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş” in imzalandığını, bu səfərdə isə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumun imzalanacağını diqqətə çatdırdı.

Təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Azərbaycanın bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ölkəmizin ali təhsil müəssisələri, o cümlədən ADA Universitetinin artan imkanları barədə məlumat verdi.

Elmar Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıdı və Laosun da öz məhsullarının ixracı üçün bu dəhlizdən istifadə edə biləcəyini diqqətə çatdırdı.

Görüşdə həmçinin, kənd təsərrüfatı, enerji, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edildi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti