No:248/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin nazir müavini Elnur Məmmədovun Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici Əlaqələr Komitələrinin rəhbərləri ilə görüşünə dair məlumatı

23 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan Parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, habelə Türkiyə Gürcüstanın ölkəmizdəki səfirləri iştirak ediblər.

 

Qonaqları səmimiyyətlə salamlayan nazir müavini Elnur Məmmədov, Azərbaycanın həm Türkiyə, həm də Gürcüstanla ikitərəfli əsasda mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən, habelə üçtərəfli formatda mövcud olan regional əməkdaşlıq formatından məmnunluqla bəhs edib. Ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb. Üç ölkə arasında yüksək səviyyəli siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, enerji, humanitar və s. sahələrdə əlaqələrin, habelə parlament ölçüsündə əməkdaşlığın dinamik inkişafı təqdir edilib.

 

Nazir müavini Elnur Məmmədov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, o cümlədən azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, eyni zamanda sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən görülən işlər, Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşlər və onların nəticələri barədə məlumat təqdim edib.

 

Cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə silsilə tədbirlərin təşkil edildiyi vurğulanıb.

 

Görüş zamanı üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional və beynəlxalq gündəliyin aktual mövzuları, həmçinin Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti