news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 sentyabr 2019

No:248/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye ilə görüşdü.

Görüşdə L.Paskye dövlət başçısı tərəfindən qəbul edilməsini yüksək dəyərləndirdiyini bildirdi və təşkilat çərçivəsində Azərbaycan ilə mövcud münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində Azərbaycan Respublikasının Prezidenti və Parlamentin Spikeri ilə məhsuldar fikir mübadiləsi apardığını qeyd etdi.

Elmar Məmmədyarov, Azərbaycan ilə AŞPA arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğuladı və Azərbaycan tərəfinin Avropa Şurası və onun institutları ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Daha sonra L.Paskye Avropa Şurasında aparılan islahatlar, o cümlədən təşkilatda ortaya çıxan problemlərin aradan qaldırılması üçün yaradılan yeni mexanizmlər haqında danışdı. Avropa Şurasının 70 illiyindən söz açan L.Paskye, bu münasibətlə səfəri çərçivəsində Azərbaycanda da belə bir tədbirin keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.

Söhbət əsnasında, Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı L.Peskyeni geniş məlumatlandırdı.

Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti