No:246/18, Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Katibi Antonio Quterreş ilə görüşüb
28 sentyabr 2018-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Katibi Antonio Quterreş ilə görüşüb.
Baş Katib Bakıya səfərlərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, onun salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş etdi. A.Quterreş Azərbaycanın dövlət başçısının rəhbərliyi altında bütün istiqamətlərdə ölkəmizdə həyata keçirilən səmərəli fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğuladı.
Nazir Elmar Məmmədyarov səmimi qəbula görə Baş Katibə minnətdarlıq bildirərək, onu 2019-cu iin 14-15 iyun tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət etdi.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir, BMT Baş Katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verdi.
Nazir qeyd olunan görüşün nəticələrinə əsasən Minsk Qrupunun həmsədrləri tərəfindən yayılmış bəyanatda da qeyd olunduğu kimi substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğuladı.
A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd etdi və BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirdi.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran digər məsələlər barəsində geniş fikir mübadiləsi apardılar.