No:245/24, Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji dialoqun ikinci iclasına dair mətbuat məlumatı
5 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Nazirlər arasında keçirilən təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə strateji dialoqun ikinci iclası keçirilib.
Strateji dialoqun ikinci iclasında Azərbaycan və Macarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, gələcək plan və layihələr, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların, parlament diplomatiyasının, habelə strateji dialoq və siyasi məsləhətləşmələr kimi mexanizmlərin tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
İclas zamanı ikitərəfli əsasda Azərbaycan və Macarıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə çoxşahəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, iqtisadi əlaqələrin daha da gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.
Bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətinin strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam etdirilməsinin zəruriliyi görüşdə vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq olduğu bildirilib.
İclasda Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin prioritet istiqamətləri, danışıqlar və hazırlıq işləri, habelə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, minatəmizləmə fəaliyyəti, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb.
Macarıstanın aparılan quruculuq işlərinə töhfəsi, regional sülh səylərinə göstərdiyi dəstəyi, habelə prosesə töhfə verməyən addımlara qarşı sərgilədiyi mövqe minnətdarlıqla qeyd olunub.
Daha sonra nazirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında Konsulluq məsələləri üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu, habelə Azərbaycan-Macarıstan Strateji Dialoqunun 2-ci iclasının protokolunu imzalayıblar.
Strateji dialoqun ikinci iclasından sonra keçirilmiş mətbuat konfransı zamanı nazirlər iclasın nəticələri barədə bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.