news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 sentyabr 2019

No:243/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Yaponiyanın Xarici İşlər nazirinin müavinini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana işgüzar səfəri çərçivəsində Yaponiyanın Xarici İşlər nazirinin Parlament üzrə müavini Kenci Yamadanı qəbul edib.

Görüşdə Nazir Elmar Məmmədyarov “Şimal-2” elektrik stansiyasının tikintisinin başa çatmasının mühüm bir hadisə olduğunu qeyd etdi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu stansiyanın açılış mərasimində şəxsən iştirak etməsinin iki ölkə arasında olan münasibətlərə yüksək etimadının göstəricisi olduğunu vurğuladı.

Kenci Yamada  “Şimal-2” elektrik stansiyasının istismara verilməsi münasibətilə təbriklərini səsləndirərək, Azərbaycanın dövlət başçısının bu açılış mərasimində iştirakının tərəflərindən yüksək qiymətləndirildiyini dilə gətirdi.

Ardınca Kenci Yamada strateji əhəmiyyətli məntəqədə yerləşən Azərbaycanın neft sektoru ilə yanaşı, son vaxtlar qeyri-neft sektoruna böyük diqqət göstərməsini ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından mühüm fürsət kimi dəyərləndirdi. Nazir müavini ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirdi. Kenci Yamada Yaponiya ilə Azərbaycan arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş” üzrə danışıqların ilk raundunun keçirilməsinə istinad edərək, bu danışıqların davam etdirilməsinin ölkələrarası iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin məmnunluq doğurduğunu bildirdi və ikitərəfli əlaqələrin daha da güncləndirilməsinin vacibliyini vurğuladı. Bu xüsusda Elmar Məmmədyarov, Azərbaycan ilə Yaponiya arasında turizm sektorunda münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi.

Tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə bağlı fikir mübadiləsi aparıldı.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti