news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 sentyabr 2017

No:241/17, Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının xarici işlər naziri Fam Binh Minhlə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın xarici işlər naziri Fam Binh Minhlə görüşdü. Səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev də iştirak edir.

Xarici işlər nazirləri Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair hər iki dövlətin başçıları tərəfindən ünvanlanmış təbrik məktublarını təqdim etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlər dərin tarixi köklərə malik olduğunu bildirərək, bu xüsusda, 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd etdi.

Eyni zamanda, nazir Elmar Məmmədyarov ikitərəfli münasibətlərin dərinləşdirilməsi və irəlilədilməsində 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Çıonq Tan Şanq Azərbaycana səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğuladı. Bu qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı və siyasi dialoqun intensivləşməsinə təkan verdiyini əlavə etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Vyetnam arasında iqtisadi və ticarət əlaqələrin genişləndirilməsi üçün çoxsaylı imkanlar olduğunu və bu kimi imkanların üzə çıxarılması və yeni əməkdaşlıq sahələrinin araşdırılması məqsədilə qarşılıqlı biznes forumların keçirilməsinin faydalı olduğunu qeyd etdi. Həmçinin, bu xüsusda, 2015-ci ildə yaradılmış Vyetnam Sosialist Respublikası və Azərbaycan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu xüsusi vurğuladı və Komissiyanın həmsədri Tran Tuan Anhla görüşü barəsində həmkarını məlumatlandırdı.

Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən nazir E.Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırdı.

Daha sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğuladı.

Nazir Fam Binh Minh rəsmi səfərlərin iki dövlət arasında yüksək səviyyəli əməkdaşlığın formalaşmasında əhəmiyyətli rol oynadığını dedi. Uğurlu siyasi dialoqun iqtisadi sahədə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, ticarət dövriyyəsinin artırılması üçün potensial olduğunu bildirdi. Həmçinin, Azərbaycanın uğurlu enerji siyasətindən bəhrələnərək, bu sahədə əməkdaşlığın intensivləşdirilməsini təklif etdi.

Vyetnamlı nazir nəqliyyat-logistika sahəsində əməkdaşlığı iki ölkənin əlaqələrinin inkişafında yeni səhifə ola biləcəyini dedi.
Nazir Fam Binh Minh 2015-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”n kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın artırılması üçün münbit hüquqi baza yaratdığını və çoxsaylı imkanlar açdığını bildirdi.

Nazir Fam Binh Minh təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunaraq, Vyetnamın neft sahəsində Azərbaycanda təhsil almış mütəxəssislərin çalışdığını xatırlatdı, eləcə də Vyetnamın Veso Petrol şirkətinin yaradılmasında azərbaycanlı neftçilərin xüsusi rol oynadığını bildirdi.

Görüşdə nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini də müzakirə etdilər.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti