news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 may 2022

No:238/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ilə görüşünə dair məlumatı

18 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ilə görüşüb.

 

Nazir Ceyhun Bayramov Sultan Raevi TÜRKSOY-un Baş katibi seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə əməkdaşlığa verdiyi yüksək önəmi vurğulayıb. Nazir, Şuşada keçiriləcək konfransda iştirakı çərçivəsində Baş katibin azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən burada aparılan geniş miqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olacağını bildirib.

 

Baş katib Sultan Raev namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. Təşkilatın rəhbəri qismində fəaliyyətin yüksək məsuliyyət tələb etdiyini söyləyən Baş katib, Türk dünyasının mədəniyyətinə xidmət edəcəyini vurğulayıb. TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini xatırladan Sultan Raev, bu xüsusda qarşıdan gələn il ərzində zəngin proqramların təşkil ediləcəyini söyləyib.

 

Görüşdə tərəflər, həmçinin gələn il TÜRKSOY-un 30 illiyinin qeyd edilməsi, Azərbaycanın təşkilatla fəal əməkdaşlığı, türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində işlərin görülməsi və digər qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti