No:238/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib
4 sentyabr tarixində Nazir Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hal-hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib. Nazir Elmar Məmmədyarov ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edərək, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü bildirib.
Öz tərəfindən Bağdad Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırdı.
Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr apardılar.
Görüşün sonunda Nazir Elmar Məmmədyarov Türk Şurasının Baş katibi Bağdad Amreyevə, habelə onun müavinləri Qismət Gözəlov və Ömer Kocamana “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim etdi.