No:237/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Qazaxıstan səfiri arasında keçirilmiş görüşə dair məlumatı

Bu ilin 4 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimovu qəbul edib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında ümumi tarixi, mədəni, dini bağlara əsaslanan və yüksək səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqla bəhs edib. Müstəqilliyin ilk illərindən etibarən təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq və əməkdaşlıq münasibətlərinin hazırda hər iki dövlətin başçısı tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, elm, təhsil və digər sahələrdə inkişaf etməkdə olan münasibətlər və mövcud əlaqələrin daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. 

İkitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri ilə yanaşı, çoxtərəfli platformalarda, o cümlədən Türk Şurası, TRACECA və digər təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov bölgədə təhlükəsizliyə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti, o cümlədən Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı həmsöhbətini məlumatlandırıb.  Nazir Ceyhun Bayramov bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edərək Qazaxıstan Respublikasının Xarici İşlər nazirinin Ceyhun Bayramovun təyinatı münasibətilə təbrik etdiyini və Nazirə fəaliyyətində uğurlar arzuladığını qeyd edib.

İkitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlərin həyata keçirilməsi üzrə mövcud əməkdaşlığın bundan sonra da  yüksək səviyyədə davam etdiriləcəyindən əminlik ifadə edib.

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə, Səfir Serjan Abdıkarimov Qazaxıtanın münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq və ATƏT-in Minsk Qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti