No:235/26, Nazir Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığına dair mətbuat məlumatı
02 iyun 2026 15:16
2 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Nazirlər Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Nazirlər siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya, enerji, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dəstək və səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bu istiqamətdə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.