news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 sentyabr 2017

No:235/17, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ilə görüşüb

Görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf etdirilməsinin yolları müzakirə edildi, habelə konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olundu.

Nazir Elmar Məmmədyarov beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar müvafiq beynəlxalq təşkilatların, o cümlədən ATƏT PA-nın töhfəsinin və rolunun təqdir edildiyini bildirdi.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı.

Tərəflər parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edərək, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırdılar. Kristin Muttonen ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirdi. O, həmçinin multikulturalizm dəyərlərinin təşviqində Azərbaycanın rolunu təqdir etdi.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti