No:233/23, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri barədə mətbuat məlumatı
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakının Müşfiqabad qəsəbəsində “Heydər Əliyev 100 - Yaşıl Gələcək” adlı ağacəkmə tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, hər iki nazirliyin rəhbər şəxsləri və əməkdaşları, ölkəmizdə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də diplomatiya könüllüləri, ekokönüllülər, habelə media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 Eldar şamı və zeytun ağacı əkilib.
Tədbirin keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdən ibarət olub.