No:230/26, Nazir Ceyhun Bayramovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşünə dair mətbuat məlumatı

27 may 2026 05:57

26 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.   

 

Görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və təmasların dostluq və qardaşlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub.

 

Həmçinin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-loqistika, habelə humanitar, elm, təhsil və mədəniyyət sahələri üzrə, eləcə də Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

 

Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Eyni zamanda, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, bütövlükdə regionda sülhün, sabitliyin və davamlı inkişafın qorunmasının əhəmiyyəti vurğulanıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti