news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 sentyabr 2017

No:230/17, Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

M.Canelidze ilk olaraq, Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi və bu dəstəyin iki dövlət arasında olan dostluq və mehriban qonşuluq münasibətlərinin parlaq göstəricisi olduğunu əlavə etdi.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edildi.

Həmçinin, nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bəyan etdilər.

Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olundu.

Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi apardı və BTQ-nin fəaliyyətə başlaması ilə ticarət dövriyyəsinin artacağını əlavə etdilər, həmçinin Cənub-Qərb nəqliyyat dəhlizi istiqamətində də geniş imkanlar olduğunu vurğuladılar.

Bu xüsusda, nazirlər birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğuladılar.

Tərəflər 3 dövlət arasında yaradılan mexanizmin unikal və çox effektli olduğunu deyərək, bu çərçivədə maliyyə, iqtisadiyyat, gömrük və müdafiə nazirlərinin də görüşlərinin baş tutduğunu əlavə etdi.

Tərəflər Azərbaycan və Gürcüstan arasında beynəlxalq gündəlikdə duran məsələlər üzrə mövqelərin üst-üstə düşdüyünü bildirərək, beynəlxalq və regional təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd etdilər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti