No:227/17, Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstan Respublikasının xarici işlər naziri Kayrat Abdraxmanov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Qazaxıstan xalqları arasında dərin tarixi və mədəni-mənəvi əlaqələrin, qarşılıqlı hörmət və uzunmüddətli dostluğun iki ölkə arasında mövcud yüksək səviyyədə əməkdaşlığın təməlini qoyduğunu bildirib. Həmçinin, Nazir diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini qeyd edib.
Nazir Elmar Məmmədyarov əməkdaşlığın növbəti inkişafına dair mühüm qərarların Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin cari ildə Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü əsnasında verildiyini diqqətə çatdırıb. Həmçinin, Nazir iki ölkə arasında sözügedən qərarların həyata keçirilməsinə istiqamətlənmiş diplomatik fəaliyyətin qarşıdan gələn illərdə də uğurlu və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyin ifadə edib.
Elmar Məmmədyarov Qazaxıstanın ikitərəfli və çoxtərəfli müstəvidə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.
Qazaxıstan Respublikasının xarici işlər naziri Kayrat Abdraxmanov Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında tarixi dostluğa əsaslanan yüksək səviyyəli siyasi dialoqun, ənənəvi hörmət və qarşılıqlı inam mühitinin ötən müddət ərzində Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas nailiyyətləri olduğunu bildirib.
Kayrat Abdraxmanov iki ölkə arasında bütün səviyyələrdə qarşılıqlı təmasların çoxtərəfli əməkdaşlğın genişlənməsinə gətirib çıxardığını qeyd edib. Bu xüsusda, Nazir Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyini və onların reallaşdırılması ilə strateji tərəfdaşlığın gələcək inkişafı üçün birgə səylərə təkan veriləcəyini diqqətə çatdırıb.