news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2018

No:224/18, Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun növbəti iclasında iştirak etmişdir

26 sentyabr 2018-ci il tarixində BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun növbəti iclası keçirilmişdir.

İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Cəmmu və Kəşmir məsələsinin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin əsas orqanı olan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli olduğunu qeyd etmişdir. Nazir, BMT Nizamnaməsinin 25-ci maddəsinə istinad edərək həm işğal edilmiş Azərbaycan əraziləri, həm də Cəmmu və Kəşmir məsələsi ilə bağlı qəbul edilmiş TŞ qətnamələrinin bütün dövlətlər tərəfindən yerinə yetirilməli olduğunu vurğulamışdır.

Cəmmu və Kəşmir məsələsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 39 saylı (17 yanvar 1948-ci il) və 47 saylı (21 aprel 1948-ci il) qətnamələrə, eləcə də həmin qətnamələrə əsasən təsis edilmiş BMT-nin Hindistan və Pakistan üzrə Komissiyasının 13 avqust 1948-ci il tarixli və 5 yanvar 1949-cu il tarixli qətnamələrinə əsasən, Cəmmu və Kəşmir bölgəsinin yekun statusu BMT-nin himayəsi altında həmin bölgənin bütün sakinlərinin iştirakı ilə keçiriləcək ümumxalq səsverməsi ilə müəyyən edilməlidir.

Qeyd edək ki, İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupu İƏT xarici işlər nazirlərinin 1994-cü ilin sentyabr ayında İslamabad şəhərində keçirilmiş 7-ci növbədənkənar sessiyasının qərarına əsasən təsis edilmişdir. Azərbaycan qrupa 2013-cü ildə üzv olmuşdur. Hazırda qrupa Azərbaycanla yanaşı, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Niger daxildir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti