No:220/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani tərəfindən birgə mətbuat açıqlaması
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani tərəfindən
Birgə Mətbuat Açıqlaması
18 avqust 2017-ci il, Bakı şəhəri
Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul edildi. Görüşdə Fernando Uanakuni Mamani Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Ayma tərəfindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanlanmış, 20-24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək Qaz İxrac Edən Dövlətlərin Forumunun IV Qaz Sammitində iştiraka dəvət məktubunu təqdim etdi.
Fernando Uanakuni Mamani Fəxri Xiyabanı ziyarət edərək, Ümummilli lider Heydər Əliyevin məzarının önünə əklil qoydu. Həmçinin Şəhidlər Xiyabanını ziyarət edən Fernando Uanakuni Mamani şəhidlərimizin xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Səfər çərçivəsində xarici işlər nazirləri Elmar Məmmədyarov və Fernando Uanakuni Mamani arasında təkbətək və geniş tərkibli görüş keçirildi.
Nazirlər Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdilər və bu xüsusda, Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamaninin Azərbaycana ilk rəsmi səfərinin önəmini vurğuladılar. Görüşdə nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçirdilər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdilər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi xüsusilə qeyd edildi.
Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini qeyd etdilər və qarşılıqlı təşəkkür ifadə etdilər. Nazirlər həmçinin iki ölkə arasında Qoşulmamaq Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırlatdılar və Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və ya hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə etdilər.
Nazirlər Azərbaycan və Boloviyanın bir-birilərinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan etdilər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd etdilər və aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırdılar.
Görüşdə həmçinin nazirlər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi apardılar və parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəldilər.
Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzaladılar.