No:217/17, Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin sabiq Baş katibi Ban ki Munla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizə səfər edən BMT-nin sabiq Baş katibi Ban ki Munla görüşüb.
Görüşdə Azərbaycanla Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi, iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov Ban ki Munun ölkəmizə səfərini yüksək qiymətləndirdi və belə görüşlərin ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verdiyini bildirdi. Nazir Ban ki Munun BMT-nin Baş katibi kimi fəaliyyəti dövründə ölkəmizlə təşkilat arasında əməkdaşlığın inkişaf etdirilməsində oynadığı rolu təqdir etdi.
Görüşdə bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi və bu məqsədlə hər iki ölkədə müxtəlif tədbirlərin keçirildiyi vurğulandı.
Ban ki Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Ban ki Mun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətlə maraqlandı. Nazir Elmar Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırdı və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğuladı. Nazir Koreya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyinə görə təşəkkür etdi.
Ban ki Mun 41-ci Ümumdünya Skaut Konfransın təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür etdi və belə tədbirlərin dünyada gənclər arasında ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verdiyini qeyd etdi.
Görüşdə Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.