No:212/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir müavini Elnur Məmmədovun Braziliya xarici əlaqələr naziri Karlos Fransa ilə görüşünə dair məlumatı

Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovun 5 may 2022-ci il tarixində Braziliya xarici əlaqələr naziri Karlos Fransa ilə görüşü keçirilib. 

 

Görüşdə ölkələrimiz arasında siyasi dialoqun səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında siyasi məsləhətləşmələrin sayca üçüncü raundunun keçirilməsinin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

 

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb. 

 

Görüşdə, həmçinin Azərbaycan və Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Braziliya tərəfindən Xarici Əlaqələr Nazirliyinin Baş katibi Simas Maqalyəiş və Braziliya Konqresində Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri deputat Klaudio Kajado da iştirak ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti