news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2018

No:211/18, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Zati-aliləri cənab Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupunun 3-cü iclasında çıxışı

Nyu-York, 24 sentyabr 2018-ci il

Cənab Sədr,

Cənab Baş katib,

Zati-aliləri, Xanımlar və Cənablar,

Mən İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupunun üçüncü iclasını təşkil etdiyinə görə Baş katib cənab Yusef Ahmed Al-Othaimenə təşəkkür etmək istərdim. Həmçinin Qrupun üzvlərini səmimi salamlayır və bu iclasda iştirak etdikləri üçün onların hər birinə təşəkkürümü bildirirəm.

Əziz Həmkarlarım,

Ermənistanla Azərbaycan arasında münaqişə başlayandan bəri İƏT, Ermənistanın Azərbaycan ərazilərindəki fəaliyyətini BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında birmənalı olaraq işğal kimi qiymətləndirdi və Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını ən sərt şəkildə pislədi. Bu imkandan istifadə edərək mən İƏT üzv ölkələrinə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə və həmrəylik nümayiş etdirdiklərinə görə bir daha təşəkkürümü ifadə etmək istəyirəm.

Münaqişə başlayandan bəri əsrin bir rübündən çox vaxt keçmişdir. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələbləri və BMT Baş Assambleyanın qətnamələri, İƏT və digər beynəlxalq təşkilatların qərarları və fərdi dövlətlərin mövqelərinə hörmətsizlik edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir.

Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda nəticələrə yönələn danışıqlara aparmaqdan imtina edir, yerdə vəziyyəti gərginləşdirmək üçün davamlı müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

Bu yaxınlarda Ermənistanın hərbi diktatorluğu devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər bəyan edildiyi kimi onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət demək olan demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulacağı idi.

Təəssüf ki, yeni rəhərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və öz vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı. 26 sentyabrda Nyu-Yorkda erməni həmkarım ilə görüşüm baş tutacaq.

Ermənistanda davamlı qeyri-sabit daxili siyasi inkişaf olduğu üçün  və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirin sonuncu bəyanatları və əməlləri yerdə vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirməyə niyyətlənib. Bu mənfi senarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərində olacaq

Əziz həmkarlar,

Biz ümid edirik ki, İƏT üzv ölkələrinin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçını beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək. Bununla əlaqədar, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupunu İƏT-in münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır.

İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə  müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonar bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirləri müəyyən etmişik. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT Baş Katibi tərəfindən irəli sürüləcək. Biz təklif edirik ki, İƏT Baş katibi:

  1. İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın təcavüzünə son qoymaq istiqamətində Azərbaycan Hökumətinin səylərinin dəstəklənməsi ilə bağlı İƏT üzv ölkələrinə beynəlxalq və regional təşkilatlardakı daimi nümayəndələrini təlimatlandırmaq xatırlatmasını əks etdirən Verbal Notanı yaysın.

 

  1. 1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün İƏT üzv ölkələri və İƏT Katibliyinin mümkün töhfələri barədə təkliflər işlənib hazırlansın.

 

  1. Ermənistana hər hansı silah-sursat və hərbi təchizat verilməsinin qarşısını almaq, ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərinə hər hansı səfərləri və fəaliyyətini qadağan etmək və Azərbaycan ərazilərinin işğalının saxlanılmasına yardım edə biləcək hər hansı yardımın qarşısını almaq məqsədilə İƏT üzv ölkələrinə müraciət etsin.

 

  1. Azərbaycanın işğal edilmiş ərazilərində turizmin təşviqi və bu ərazilərə turist səfərlərinin qeyri-qanuni xarakter daşıması və qanunsuz separatçı rejimin beynəlxalq turizm sərgilərində və digər turizm tədbirlərində təbliğinin qəbuledilməzliyi ilə bağlı ərazilərində fəaliyyət göstərən turizm şirkətləri, səyahət agentlikləri və onların çətir təşkilatlarının mümkün qədər geniş şəkildə məlumatlandırması üçün üzv ölkələrə müraciət etsin.

 

  1. Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində, eləcə də İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə əməl etməyə vadar etmək üçün bu ölkə ilə ikitərəli münasibətlərini aşağı səviyyəyə endirmələri üçün üzv ölkələrə müraciət etsin.

 

  1. İƏT üzv ölkələri adından Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə məscidlər və digər müqəddəs yerlərin, tarixi yerlərdə qanunsuz arxeoloji qazıntılar, toponimlərin dəyişdirilməsi və digər saxtakarlıqlar daxil olmaqla Azərbaycanın tarixi abidələrinin vəhşicəsinə dağıdılması aktlarına qarşı etiraz və bu barədə məlumatlılığın artırılması üçün beynəlxlaq kampaniya başlatsın.

 

  1. Xarici İşlər Nazirlərinin növbəti görüşü üçün üzv ölkələr tərəfindən İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi sənəd və qərarların yerinə yetirilməsi üzrə hesabat təqdim etsin.

 

Sonda, əziz həmkarlar, icazənizlə bir daha İƏT üzv ölkələri və İƏT Baş katibinə Azərbaycanın ədalətli mövqeyinə və Ermənistan təcavüzünə son qoymaq səylərinə göstərdikləri davamlı dəstək üçün minnətdarlığımı bildirirəm.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti