No:210/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, valideynləri Ukraynanın Xarkov şəhərində həlak olan 3 yetkinlik yaşına çatmayan azərbaycanlı uşağın Azərbaycana təxliyəsi barədə məlumatı

Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna cari ilin 4 may tarixində Azərbaycana təxliyə ediliblər.

 

Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçirilmişdirlər.

 

Uşaqların Azərbaycan Respublikasına repatriasiya edilməsi üçün Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.    

 

Daha sonra, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.

 

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikasının Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti