No:209/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin nazir Ceyhun Bayramovun Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Bakir İzetbeqoviç ilə görüşünə dair məlumatı

9 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Bakir İzetbeqoviç ilə görüşü baş tutub.

Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Ölkələrimizin bir-birlərinin suverenlik və ərazi bütövlüyünə verdikləri davamlı dəstəyin beynəlxalq hüququn təməl prinsiplərinə hörmət yanaşması ilə birgə əlaqələrimizin təməlində dayandığı xüsusilə qeyd olunub.

Bakir İzetbeqoviç Azərbaycana ikinci səfərinin baş tutduğunu və ölkədə baş verən inkişafın şahidi olduğunu bildirib. Bosniya və Herseqovinanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyi qeyd olunub. Səfər çərçivəsində Azərbaycanın Ağdam şəhərinə olduğunu söyləyən spiker, bu ərazilərdəki dağıntıların miqyasından təəssüf ilə bəhs edib. Qonşu dövlətlərlə birgə yaşayışın yolunun tapılmasının vacib olduğunu söyləyən Bakir İzetbeqoviç, bunu öz ölkəsinin nümunəsində səsləndirib.

Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, o cümlədən Azərbaycanın mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin tərəfdarı olduğu, azad edilmiş ərazilərdə mina təhlükəsi, habelə bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hər iki ölkədə qarşılıqlı şəkildə səfirliklərin açılmasının tezliklə həllinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti