news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 iyul 2019

No:209/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib.

Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Quo Mini qəbul edib.

Nazir Elmar Məmmədyarov xanım Quo Mini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Nazir Çinin hər zaman, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Həmçinin Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirdi.

Səfir Quo Min Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və bu səfər çərçivəsində baş tutmuş Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpin ilə görüşü, eləcə də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İnin Bakıya ilk rəsmi səfəri də daxil olmaqla tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edən səfir Quo Min, qarşılıqlı etimad əsasında ölkələrimiz arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

 
 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti