No:208/19, “Beynəlxalq humanitar hüququn beynəlxalq münasibətlərdə rolu: müasir çağırışlar və gələcəyə baxış” mövzusunda inşa müsabiqəsinə dair
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cenevrə Konversiyalarının 70-ci ildönümü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş “Beynəlxalq humanitar hüququn beynəlxalq münasibətlərdə rolu: müasir çağırışlar və gələcəyə baxış” mövzusunda tələbə inşa müsabiqəsi elan edir.
Müsabiqənin qaydaları:
- Müsabiqədə Azərbaycan universitetlərinin hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan və ya son 12 ay ərzində təhsilini bitirmiş şəxslər iştirak edə bilər;
- İnşalar ingilis dilində təqdim edilməlidir
- İnşalar aşağıdakı formata uyğun təqdim edilməlidir: MS Word (.doc or .docx) və ya PDF (.pdf) formatı; font - Arial; yazı ölçüsü - 12; sətrlər arası məsafə – 1.15; söz sayı – minimum 3,000 maksimum 4,000 (təxminən A4 formatında 5-7 səhifə);
- Hər iştirakçı yalnız bir inşa təqdim edə bilər;
- İnşalar iştirakçının tərcümeyi-halı və əlaqə məlumatları (telefon nömrəsi, elektron poçt ünvanı və yazışma ünvanı) ilə birgə baku@icrc.org elektron poçt ünvanına göndərilməlidir;
- Elektron poçt ünvanının “mövzu” sətrində “Essay Competition” yazılmalıdır;
- İnşaların təqdim edilməsi üçün son tarix: 12 avqust 2019-cu il.
Qaliblər 9 sentyabr 2019-cu il tarixilə başlayan həftə ərzində elan ediləcək.
Mükafatlar:
1-ci yer – diplom və Cenevrədə Beynəlxalq Qızıl Xaç İcmalının 150 illiyinə həsr olunmuş 2 oktyabr 2019-cu il tarixli tədbirdə iştirak, BQXK-nın Baş Qərərgahda yerləşən müzeyinə və Azərbaycan Respublikasının Cenevrədəki Daimi Nümayəndəliyinə ziyarət;
2-ci yer – diplom və noutbuk;
3-cü yer – diplom və humanitar hüquq və xarici siyasət mövzularında kitab dəsti.
Bütün qaliblər Xarici İşlər Nazirliyinin muzeyinə ziyarət etmək imkanı əldə edəcəklər.