news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 sentyabr 2018

No:208/18, BMT İnsan Hüquqları Şurasının 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal üzrə Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi yekdilliklə qəbul edilmişdir

BMT İnsan Hüquqları Şurasının 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal üzrə Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi yekdilliklə qəbul edilmişdir

2018-ci ilin 20 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi üzrə hesabatın qəbul edilməsi ilə bağlı iclas keçirilmişdir.

Tədbirin əvvəlində  Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə çıxış etmiş və UDİ üzrə baxışda ölkəmizə təqdim olunmuş 259 tövsiyədən əksəriyyətinə dəstək verildiyi, onların bir hissəsinin artıq həyata keçirildiyini və qalan tövsiyələrin isə həyata keçirilməkdə olduğunu bildirmişdir.

Nazir müavini çıxışında ölkəmizin BMT-nin müqavilə qurumları və UDİ mexanizmi çərçivəsində əməkdaşlığa önəm verdiyini vurğulamışdır. O, bu xüsusda sözügedən mexanimzlər çərçivəsində Azərbaycana münasibətdə qəbul edilmiş tövsiyələrin icrasına nəzarəti daha da gücləndirilmək məqsədilə milli mexanizm kimi fəaliyyət göstərəcək işçi qrupun yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı barədə məlumat vermişdir.

Nazir müavini korrupsiyaya qarşı mübarizə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi  sahəsində  ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Azərbaycanın iqtisadi göstəricilərinin artmasının davamlı və ardıcıl inkişafın göstəricisi olduğunu diqqətə çatdıran X.Xələfov Azərbaycan Hökuməti tərəfindən iqtisadi-sosial,  o cümlədən dayanaqlı inkişaf, səhiyyə, təhsil, qadın, uşaq, əlillərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumatı diqqətə çatdırmışdır.

Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərə toxunaraq, 2016-cı ilin aprel ayında Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işlər barədə Şuranı məlumatlandırmışdır.

Bu xüsusda,  X.Xələfov son 30 il ərzində ölkəmizin Ermənistan Respublikası tərəfindən  işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin əsas hüquqlarının pozulduğunu qeyd etmiş və bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasını, eləcədə onun xüsusi mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının müaviq qətnamələrinə uyğun olaraq, azərbaycanlı qaçqın və məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpası istiqamətində ciddi addımlar artmağa çağırmışdır.    

Nazir müavini Azərbaycan Hökuməti tərəfindən Ermənistanın tövsiyəsinə UDİ-nin məqsəd və mexanizminə zidd olduğunu vurğulamış və  qeyd etmişdir ki, həmin tövsiyələr Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa xidmət edir.

X. Xələfov Ermənistanın  BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə məhəl qoymadığını bildirmişdir. Təəssüflə qeyd edilmişdir ki, Ermənistanın yeni rəhbərliyinin son bəyanatları danışıqlar prosesini niyyətli olaraq pozur və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur. Nazir müavini bəyan etmişdir ki, danışıqlar prosesini pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.    

X. Xələfov Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmamazlığı və ölkəmizin bütün işğal olunmuş ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırmışdır.

İclas zamanı bir çox ölkələrin nümayəndələri çıxış edərək, ölkəmizin UDİ üzrə növbəti prosesinin uğurla və müvəffəqiyyətlə həyata keçirilməsi və ölkəmizin nümayəndə heyətinin konstruktiv iştirakına görə Azərbaycan tərəfini təbrik etmiş, Azərbaycan Respublikasının UDİ üzrə hesabatının İHŞ tərəfindən yekdilliklə qəbul edilməsini tövsiyə etmişlər.

Tədbirdə iştirak edən bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları öz çıxışlarında Azərbaycanda vətəndaş cəmiyyəti, məhkəmə, mətbuat və söz azadlığı, vəkillik, gender bərabərliyi və cinsi azlıqlar məsələlərinə münasibət bildirmişlər.

İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı İHŞ tərəfindən yekdilliklə qəbul olunmuşdur. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti