No:206/18, Çin Xalq Respublikasında işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov cari ilin 19 sentyabr tarixində Çinin xarici işlər naziri Van İ ilə görüşüb
Görüş zamanı tərəflər dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında əldə edilmiş razılaşmaların hər iki ölkənin xarici işlər nazirliklərinin ikitərəfli əlaqələri dərinləşdirmək üçün fəaliyyətinin yol xəritəsini müəyyənləşdirdiyini qeyd etdilər.
Çinin Tiencin şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik Asiya sammitində iştirakına görə Elmar Məmmədyarova təşəkkür edən Van İ ölkəsinin Azərbaycanla münasibətlərinin hərtərəfli inkişafında maraqlı olduğunu diqqətə çatdırdı. O, qarşılıqlı etimada əsaslanan Çin-Azərbaycan münasibətlərinin hazırki səviyyəsindən məmnunluğunu ifadə etdi.
Van İ Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğuladı.
Xarici işlər naziri Van İ Çin dövlət başçısı Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu xatırladaraq, ölkəsinin Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirdiyini vurğuladı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə töhfəsi kimi dəyərləndirən Çin rəsmisi ölkəsinin bu təşəbbüsün reallaşması istiqamətində Azərbaycan ilə əməkdaşlıq edəcəyini diqqətə çatdırdı.
Çində olmasından məmnunluğunu ifadə edən nazir Elmar Məmmədyarov Çindəki yüksək inkişafın davam etdiyinin şahidi olduğunu qeyd etdi.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkür etdi.
Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi üçün imkanlar yaratdığını bildirən nazir Elmar Məmmədyarov bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin etdiyini bildirdi və Çini Azərbaycanın təşəbbbüsü və iştirakı ilə reallaşdırılan nəqliyyat-logistika infrastrukturlarından istifadə etməyə dəvət etdi.
Görüşdə ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun qaldırılması ilə bağlı da fikir mübadiləsi aparıldı.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.