No:204/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

2-4 iyun 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsin başlığı altında Xüsusi Sessiyası keçirilmiş və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilmişdir.

Sessiya çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə qeyri-kommersiya təşkilatlarından korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi məqsədləri ilə sui-istifadə edilməsi mövzusunda paralel tədbir keçirilmişdir.

Tədbirin açılışında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək qeyri-kommersiya təşkilatlarının və xeyriyyə fondlarının dayanıqlı inkişafın təmin olunmasında əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür qurumların fəaliyyətinə məhdud nəzarətin yekunda onlardan bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq fəaliyyətlərinə cəlb olunmasına gətirib çıxardığını qeyd etmişdir.

Tədbirdə Beynəlxalq Valyuta Fondunun, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Liverpul Universitetinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilmiş və interaktiv müzakirələr aparılmışdır.

Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondlarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulamışlar.

Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollar məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd etmişdir. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu qeyd etmişdir.

Tədbirdə BMT üzv dövlətlərinin XİN-lərinin və BMT yanında Daimi Nümayəndəliklərinin əməkdaşları, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak etmiş və interaktiv müzakirələrə töhfə vermişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti