news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 iyul 2019

No:202/19, AR XİN-nin Mətbuat Xidmətinin idarəsinin soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin beşinçi ildönümü ilə bağlı açıqlaması

Bu gün azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur.

D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində quruma “məhkəmə” təşkil edilərək, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda keçən hər bir günü işgəncə altında keçən növbəti bir gündür. D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub. İşğal edilmiş ərazilərdə etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən D.Əsgərov və Ş.Quliyevin də ailə üzvləri öz doğma yurd-yuvalarından, mülklərindən didərgin salınıb.

Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur, həmçinin münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.

Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətinin başladığı vaxtdan bu günədək münaqişə nəticəsində 3888 Azərbaycan vətəndaşı itkin düşüb; onlardan 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız sırasındadır.

Ermənistan, mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur.

Ermənistan tərəfindən qeyri-insani davranış nümayiş etdirilərək beş il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Əgər Ermənistan tərəfi, dəfələrlə bəyan etdiyi kimi “münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına” həqiqətən də nail olmaq istəyirsə, o zaman qanunsuz şəkildə girovluqda saxladığı Azərbaycanın mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır.

Xatırladırıq ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə yanaşı, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib. Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.

Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.

Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlaylır və mülki şəxslərimizin azad olunması üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti