news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 iyul 2019

No:199/19, Azərbaycan Respublikasının Diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsinin iştirakçılarının Müraciəti

Azərbaycan Respublikasının
Prezidenti              
    cənab İlham Əliyevə     

 

 

Azərbaycan Respublikasının
Diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsinin iştirakçılarının
Müraciəti

 

 

Möhtərəm cənab Prezident,

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, Zati-alinizin rəhbərliyi ilə davam etdirilən qətiyyətli daxili və müstəqil xarici siyasət nəticəsində Azərbaycan Respublikasının iqtisadi inkişafı və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Rəhbərliyiniz altında ölkəmizin təşəbbüsü və iştirakı ilə regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilmiş, həmçinin mühüm strateji enerji və nəqliyyat-kommunikasiya layihələrinin icrası davam etməkdədir.

Zati-alinizin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə 9 Iyul tarixi - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir.

Həmçinin, cari ilin Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə təsadüf etdiyini nəzərə alaraq, diplomatik xidmət orqanları tərəfindən yubiley ilə bağlı bir sıra tədbirlər keçirilməkdədir.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi tədbirləri çərçivəsində, həmçinin 9 iyul tarixində diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsi keçirilmişdir.

Müşavirə çərçivəsində, Zati-alinizin diplomatik xidmət orqanları qarşısında qoyduğu xarici siyasət xəttinin həyata keçirilməsi istiqamətində vəzifə və tapşırıqlar yekdilliklə dəstəklənmişdir. Fəaliyyətimizin bu tələblər çərçivəsində həyata keçirilməsi üçün səylər artırılacaqdır.
 

Möhtərəm cənab Prezident,

Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslərə baxmayaraq ölkəmiz Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatının müsbət artım dinamikasına nail olmaqla və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki mövqe və nüfuzunu daha da möhkəmləndirmişdir.

Azərbaycan Respublikasının xarici siyasəti, ilk növbədə, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun  beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuşdur.

Zati-alinizin rəhbərliyi altında Azərbaycan Respublikasının diplomatik xidmət orqanları bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycan dövlətinin maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində  müstəqil və çevik fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir.

Zati-aliləri, diplomatik xidmət orqanlarına göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirərək Sizi əmin edirik ki, Azərbaycan diplomatiyasının 100 illik tarixi irsini və ənənələrini bundan sonra da layiqincə davam etdirəcək, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik.

 

09 iyul 2019-cu il.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti