No:199/17, Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin Dördüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.
Görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olundu. Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici bir faktor olduğu qeyd edilərək, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən, onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirildi. Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda Sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd olundu.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində geniş müzakirələr aparıldı və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulandı.
Həmçinin iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi.
Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edildi və komissiyanın işinin daha da canlandırılmasının vacibliyi vurğulandı. Həmçinin ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edildi.
Həmçinin TANAP layihəsinin icrasının uğurla və qrafikə uyğun olaraq davam etdiyi məmnunluqla qeyd olundu.