news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyul 2019

No:195/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Sakit okean Alyansının 14-cü zirvə görüşündə çıxışı

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun
 
Sakit okean Alyansının 14-cü zirvə görüşündə çıxışı
 
6 iyul 2019-cu il, Lima, Peru Respublikası

 

Hörmətli cənab Sədr,

Zati-aliləri,

Hörmətli nümayəndələr,

Öncə, Sakit okean Alyansının üzvü olan ölkələrə bu mühüm təşkilatda Azərbaycana müşahidəçi statusu verdikləri üçün təşəkkürümü ifadə etmək istərdim. Həmçinin nümayəndə heyətimizə göstərilmiş səmimi qonaqpərvərliyə və Sakit okean Alyansının 14-cü Sammitinin mükəmməl təşkil edilməsinə görə nazir Popolizio və Peru Respublikasının hökumətinə öz minnətdarlığımı bildirirəm.

Qlobal və regional təhlükəsizliyə dəstək verilməsi, geniş miqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Müstəqilliyimizin iki və yarım onilliyindən artıq müddət ərzində Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatların fəal üzvü olaraq, Azərbaycan beynəlxalq əməkdaşlıqda öz rolunu genişləndirmişdir. Bütün bu fəaliyyətlərdə biz həm özümüz, həm də tərəfdaşlarımız üçün “qələbə qazanmaq” ssenarisinə əsaslanan layihələrə praktiki töhfə veririk, beynəlxalq hüquq prinsiplərinə riayət edirik, iqtisadi və sosial ədalətə sadiqik. Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunun tanınması ölkənin 2011-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində seçilməsi ilə üzə çıxdı. Mən, Azərbaycanın Təhlükəsizlik Şurasının üzvü olmasını dəstəkləyən Alyans üzvlərinə bir daha minnətdarlığımı bildirirəm.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi seçilməsi, ölkəmin bərabər tərəfdaşlıqları inkişaf etdirmək və hər hansı bir hərbi bloka qoşulmadan tarazlı siyasət aparmaq səylərinin daha bir vacib təsdiqidir. Bu xüsusda, 2019-cu ilin oktyabr ayında paytaxtımız Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının XVIII Sammitində iştirak üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Alyans üzvlərinə dəvətini bir daha diqqətinizə çatdırmaq, həmçinin ölkəmiz tərəfindən Hərəkata sədrliyi dövründə beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsində Hərəkatın yüksək məqsədlərini daha da inkişaf etdirmək üçün bütün səylərini əsirgəməyəcəyini vurğulamaq istərdim.

Hörmətli cənab Sədr,

Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hər cür səylər göstərərkən Azərbaycan, hələ də qonşu Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-in, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğalına; təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalmasına; Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələrin məhv edilməsinə gətirib çıxarmışdır.

Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməmişdir. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilmişdir.

Münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan, beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədirlər görəcəyini gözləyir.

Cənab Sədr,

Azərbaycan Cənubi Amerikanın ölkələri və eyni zamanda Sakit Okean Alyansının mühüm üzvləri  ilə siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirməkdə maraqlıdır. Mən bir neçə ay bundan öncə, mart ayında Cənubi Amerikaya səfərim çərçivəsində, xüsusilə Alyansın üzvü olan Çilidə bu maraqları vurğulamışdım. Təsadüfi deyil ki, Buenos-Ayresdə keçirilən və mənim də iştirak etdiyim Cənub-Cənub Əməkdaşlıq üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında  bu cür əməkdaşlığın iqtisadi perspektivləri vurğulanmışdır. Biz cənub ölkələri arasında əməkdaşlığın potensialını hələ də tam şəkildə istifadə etmirik və buna nail olarsaq qlobal sosial-iqtisadi qayda, xüsusilə də dünya ticarətində mövcud böhran vəziyyətinin həllinə böyük töhfə verəcəyinə inanırıq. Xüsusilə də, bütün bu məqsədlər Sakit Okean Alyansının prioritetləri arasındadır. Alyansa üzv olan və birlikdə ÜDM-ləri dünyada 6-cı yeri tutan Cənubi Amerika ölkələrinin xüsusilə Asiya ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq məqsədilə səylərinin birləşdirilməsi fikri Azərbaycan üçün maraq kəsb edir. Alyans ölkələrinin Asiya ölkələrində istehsal etdiyi mal və xidmətlərin Yaxın Şərq və Avropan bazarlarına daha çox ixrac ediləcəyini nəzərə alaraq, Azərbaycanın Qafqazın təbii qapısı qismində və Şərq-Qərb ticarət dəhlizində nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırır.

Cənab Sədr,

Regionun aparıcı və dinamik iqtisadiyyatı kimi, Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsündə mühüm rol oynayır. Ölkəmiz tarixi İpək Yolu üzərində yerləşir və Azərbaycan bu marşrutda fəal şəkildə infrastrukturun modernləşdirilməsinə, mövcud və yeni dəmir yolu xətlərinin, magistral yolların, dəniz və hava limanlarının bərpasına sərmayə qoyur. Azərbaycan, həmçinin Fars körfəzindən malların İran və Rusiya vasitəsilə Avropaya tranzitinə imkan verəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsində fəal iştirak edir. Azərbaycan tərəfindən irəli sürülən digər bir dəhliz Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutudur ki, onun da məqsədi Hindistan, İran, Fars körfəzi ölkələri ilə Türkiyə və Avropanı birləşdirməkdir. Bu ticarət dəhlizlərinin potensialı böyükdür.

Yuxarıda qeyd olunan və artmaqda olan bağlılığa töhvə verən layihələrdən daha biri trans-Avropa və trans-Asiya dəmiryolu şəbəkələrini birləşdirən və Avropa ilə Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu xəttinə mühüm töhfə verən Bakı-Tiflis-Qars dəmiryoludur.

Azərbaycan, həmçinin Xəzər dənizində ən böyük kommersiya donanmasına malikdir. Xəzər dənizinin Bakı limanında tikilmiş yeni gəmiqayırma zavodu bütün növ gəmilərin istehsalına və Xəzər dənizində yük axınının artırmasına imkan verir. Bundan əlavə, biz Şərq-Qərb yolunun mərkəzində yerləşən yeni Bakı Limanının ətrafında Azad İqtisadi Zonanın yaradılması yolu ilə xarici ticarət şirkətləri üçün ticarət-logistika sektorunda əlverişli sərmayə rejimini təmin etmək üçün çoxlu səylər göstərimişik. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın regional ticarət və logistika mərkəzi kimi cəlbediciliyini artırmaqdır.

Ölkəmin mühüm marşrut nöqtəsi və aktiv investor kimi iştirak etdiyi bütün bu layihələr mal və xidmətlərin Asiya bazarından Yaxın Şərq, MDB və Avropa ölkələrinə və əks istiqamətdə çatdırılma vaxtı və xərclərini əhəmiyyətli dərəcədə minimuma endirməyə imkan verəcəkdir. Hesab edirəm ki, bu, Sakit okean Alyansı və Azərbaycan arasında çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı bir iş platforması ola bilər. Bu baxımdan, müşahidəçi dövlətlərlə əməkdaşlıq üçün təkliflərin toplanmasına cavabdeh olan Əməkdaşlıq Fondu ilə konkret işə hazırıq.

Cənab Sədr,

Yekunda, Azərbaycanın Alyansa müşahidəçi qismində qoşulması ilə əməkdaşlıqda başladığımız yeni səhifəyə, eləcə də Sakit okean Alyansının 2030-cu il Starteji Baxış sənədinin həyata keçirilməsinə uğurlar arzulayım və bu hörmətli təşkilatla ölkələrimizin, bölgələrimizin, xalqlarımızın və ümumilikdə Qlobal Cənubun inkişafı naminə əməkdaşlığa hazır olduğumuzu bir daha vurğulayıram.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti