No:194/24, Nazir Ceyhun Bayramovun İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşünə dair mətbuat məlumatı

1 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

 

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

 

Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolu qeyd edilib. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, təhsil, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərin mövcudluğu vurğulanıb. Ölkəmizdə yaradılmaqda olan İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün vacib əhəmiyyətə malik olduğu qeyd edilib. 

 

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti