No:193/18, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyətinin 3-5 sentyabr 2018-ci il tarixlərində Rumıniyaya səfəri
Cari ilin 3-5 sentyabr tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada rəsmi səfərdə olmuşdur. Rəsmi səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal, xarici işlər naziri Teodor Meleşkanu ilə görüşlər keçirilmiş və nazir müavini Danuts Sebastian Nekulaesku ilə Azərbaycan və Rumıniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılmışdır.
Görüşlər zamanı iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə və əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslandığı, bu münasibətlərin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi barədə söhbət edilmiş, ölkələrimizin ikitərəfli olduğu kimi, çoxtərəfli müstəvidə də aktiv və səmərəli səkildə əməkdaşlıq etdiyi bildirilmişdir.
Rumıniyanın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu qeyd olunmuş, keçən dövr ərzində münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə çatmasının hər iki ölkənin bu istiqamətdə əzmli və səmərəli fəaliyyətinin nəticəsi olduğu qeyd edilmişdir. Aİ-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində Strateji Tərəfdaş kimi Rumıniyanın rolunun mühüm olduğu vurğulanmışdır. 2019-cu ilin ilk yarısında Rumıniyanın Aİ Şurasında sədrliyinin Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi və möhkəmlənməsi nöqteyi nəzərindən faydalı olacağı ifadə olunmuşdur.
Hər iki ölkənin müstəqilliyinin 100 illik yubileyi, diplomatik əlaqələrin 25 iliyi, Strateji Tərəfdaşlıq münasibətlərinin 10 iliyi barədə söhbət edilmiş, ölkələr arasında əldə edilmiş uğurlarının davamlı olacağı vurğulanmışdır.
Görüşlər zamanı iqtisadi əlaqələr müzakirə edilmiş, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, humanitar və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi bildirilmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll olunmasının Rumıniya tərəfindən həmişə dəstəklənəcəyi vurğulamışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə görə Rumıniya tərəfinə minnətdarlıq bildirmişdir.
Görüşlər çərçivəsində siyasi məsləhətləşmələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulamış, XİN-lərin idarələri arasında görüşlərin keçirilməsi, bu istiqamətdə Strategiya Planının üzərində çalışıldığı qeyd edilmişdir. Rumıniyanın Baş naziri Viorika Dançilanın Azərbaycana səfərinin qısa müddət ərzində həyata keçirilməsinin nəzərdə tutulduğu bildirmişdir.
Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilmiş, Qara Dəniz-Xəzər Dənizi Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi və Rumıniyanın TAROM şirkəti tərəfindən Buxarest-Bakı istiqamətində uçuşların həyata keçirilməsi məsələləri də müzakirə edilmişdir.
Görüşlərdə həmçinin, regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılmışdır.
Rəsmi səfər çərçivəsində Buxarest şəhərində yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur.