No:192/18, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Nazir Elmar Məmmədyarov qonağı və nümayəndə heyətini səmimi salamlayaraq iki ölkə arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə çatdırdı.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Taro Kano Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd etdi. Ölkəmizin mühüm coğrafi məkanda yerləşdiyini qeyd edən T.Kano Yaponiyanın Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətində olduğunu bildirdi.
Nazirlər Azərbaycan və Yaponiya arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan dostluq münasibətlərin qurulduğunu qeyd edərək ikitərəfli siyasi dialoqun inkişafından məmnunluqlarını ifadə etdilər. Tərəflər enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın olduğunu qeyd edərək iqtisadiyyatın digər sahələri, xüsusilə qeyri-neft sektoru üzrə əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu vurğuladılar.
Nazirlər Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdilər.
Nazir Elmar Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək Yaponiya şirkətlərinin daha da fəal surətdə qeyri-neft sektorunda təmsil olunması üçün cəlbedici imkanların olduğunu bildirdi. Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini qeyd edərək Yaponiya şirkətlərinin də bu nəqliyyat və logistika imkanlarından faydalana biləcəyini dedi. Həmçinin, nazir Elmar Məmmədyarov yaponiyalı həmkarına TAP və TANAP layihələri ilə bağlı görülən işlər haqqında məlumat verdi. Eləcə də, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyətinin fəallaşdırılmasının iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından zəruriliyini diqqətə çatdırdı.
Tərəflər iki dövlət arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxundular və "GUAM + Yaponiya" formatında tərəfdaşlığın vacibliyini qeyd etdilər.
Azərbaycanın ali təhsil müəssisələrində yapon dilinin tədrisi, tələbə mübadiləsinin aparılması, bu ilin sentyabrında ölkəmizdə cüdo üzrə dünya çempionatının keçirilməsi, qarşılıqlı mədəni proqramların təşkilinin ikitərəfli humanitar əlaqələrin inkişafına və insanlararası təmasların artmasına xidmət etdiyi qeyd olundu. Həmçinin, bu qəbildən olan təhsil, idman və mədəni tədbirlərin turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi bildirildi və birbaşa hava sərnişin reyslərinin açılması məsələsi nəzərdən keçirildi.
Görüşdən sonra nazirlər mətbuat qarşısında bəyanatla çıxış etdilər.