news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 iyul 2020

No:191/20, AR XİN Mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul etməsi barədə məlumatı

23 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq bütün digər sahələrdə və müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan Ceyhun Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon söhbətinə istinad edən nazir gələcəkdə iki ölkə arasında birgə mühüm layihə və təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.

Səfir Erkan Özaral, öz növbəsində işbirliyinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu, eyni zamanda bu xüsusda hər iki tərəfin iradəsinin olduğunu qeyd edib. Azərbaycanı öz vətəni olaraq gördüyünü bildirən səfir E.Özoral Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Nazir, öz növbəsində bu dəvəti məmnunluqla qəbul etdiyini və mümkün olan yaxın zamanda bu səfəri reallaşdıracağını vəd edib.

Səfir Erkan Özoral 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat və bunun nəticəsində Azərbaycan ordusunun həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı bildirib və Azərbaycanın kədərinin Türkiyənin də kədəri olduğunu vurğulayıb. Azərbaycanın haqlı mövqeyini müdafiə etmək və bu mübarizədə Azərbaycanın yanında olmaq üçün Türkiyədən çoxsaylı müraciətlərin daxil olduğunu bildirən Səfir, bunun iki dövlət bir millət olduğumuzun növbəti göstəricisi olduğunu ifadə edib.

Nazir Ceyhun Bayramov 12 iyuldan etibarən gərgin bir dövrün yaşanıldığını qeyd edərək, növbəti dəfə etməni təxribatının şahidi olduğumuzu və hadisələri təhlil edərkən bu hücum cəhdinin əvvəlcədən düşünülmüş bir təxribat olduğunun aydın şəkildə göründüyünü qeyd edib. Çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəkləndiyini qeyd edən Ceyhun Bayramov, Türkiyənin dövlət başçısı, Xarici İşlər Naziri və Müdafiə Naziri tərəfindən verilən bəyanatların qardaş xalqın ağır məqamlarda göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu qeyd edib.

Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Ermənistanın son hərbi təxribatı ilə bağlı məlumatlandırma işlərinin davamlı şəkildə aparıldığı Səfirin diqqətinə çatdırılıb.

Görüş zamanı nazir Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.

Görüş zamanı səfir Erkan Özoral cari ilin 28 iyul tarixində video konfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu Nazir Ceyhun Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti