No:190/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşü barədə məlumatı

26 may 2021-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

Nazir diaspor üzvləri ilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, ölkəmizin 30 ildə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həllli istiqamətində səylər göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə danışıb. Ermənistanın təxribatlarına cavab olaraq AR Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi fəxarətlə vurğulanıb.

Nazir Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.

44 günlük Vətən müharibəsi dövründə diaspor üzvlərimiz tərəfindən sərgilənən həmrəyliyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb və bu həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Daha sonra nazir tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb, o cümlədən Azərbaycan və Avstriya arasında əməkdaşlığın inkişafı və bü xüsusda diaspor üzvlərinin rolu barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti