news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 avqust 2018

No:187/18, Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb

Nazir Elmar Məmmədyarov Gürcüstan baş naziri Mamuka Baxtadzeni Azərbaycan Respublikasına səfərində müşayiət edən bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Nazirlər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgə üçün tərəqqinin vacib amili olduğunu məmnuniyyətlə qeyd etdilər. Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğuladılar.

Nazirlər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkdilər.

Nazirlər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını qeyd etdilər.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Gürcüstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olundu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edildi.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti