No:183/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşünə dair məlumatı
25 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.
Nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab olaraq həyata keçirilən əks hücum əməliyyatı, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, habelə münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət barədə məlumat verib.
Nazir üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər barədə, işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, həmçinin bölgədə əməkdaşlıq və dayanıqlı inkişafın təmin edilməsi imkanının yaranması, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesindən danışıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda, üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib. Bu xüsusda, Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və Azərbaycana qarşı nifrət əks etdirən açıqlamaları və digər məsələləri vurğulanıb.
Görüşün sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandırıb.