No:183/17, Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Alxanlı kəndinə səfəri təşkil olunmuşdur
Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunmuşdur.
Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edir. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı iştirak edirlər.
Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcəkdir. Onlara baş vermiş hadisə barəsində yerindəcə ətraflı məlumat veriləcəkdir. Həmçinin onlar yaralı Quliyeva Sərvinaza baş çəkəcəklər.