No:182/19, Xarici İşlər naziri Elmar Məmmədyarov və Bolqarıstan Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri xanım Yekaterina Zahariyevanın birgə mətbuat konfransı
24 iyun 2019-cu il
Xarici İşlər naziri Elmar Məmmədyarov:
Hörmətli mətbuat nümayəndələri,
Xanımlar və cənablar,
Öncə hər birinizi Xarici İşlər Nazirliyində salamayıram. Bildiyiniz kimi, bu gün Bolqarıstan Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri xanım Yekaterina Zahariyeva ölkəmizdə rəsmi səfərdədir.
Qeyd etmək istərdim ki, Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır. Biz bu gün məhz bu çərçivədə həm təkbətək, həm də geniş tərkibdə iki ölkə arasındakı siyasi, iqtisadi və ticarət sahələrindəki əməkdaşlıq məsələlərini müzakirə etdik.
Məlum olduğu kimi, Cənub Qaz Dəhlizinin bir hissəsi Bolqarıstandan keçəcəkdir. Bu kontekstdə qeyd edim ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Bolqarıstanın qaz şirkəti arasında imzalanmış saziş əsasında Bolqarıstan 1 milyard kub metr qaz ilə təchiz olunacaqdır.
Eyni zamanda, strateji tərəfdaşlığın bir hissəsi kimi nəqliyyat məsələsi, bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər strateji layihələr haqqında fikir mübadiləsi apardıq. Bundan başqa turizm sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı məsələsini müzakirə etdik. Bildiyiniz kimi, “Buta Airways” aviaşirkəti Bolqarıstana artıq ilk aviareysini həyata keçirmişdir və bu da turizm sahəsində ölkələr arasındakı əlaqələrin inkişafı üçün atılan addımlardan biri kimi qiymətləndirilə bilər.
Həmçinin bildirmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyəti ilə bağlı öz tərəfimdən xanım Zahariyevanı məlumatladırdım. Münaqişə kontekstində Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı birmənalı mövqeyinə görə xanım Zahariyevaya təşəkkürümü bildirdim.
Sonda vurğulamaq istərdim ki, Birgə bəyannamənin ehtiva etdiyi ikitərəfli münasibətləri müzakirə etmək üçün xarici işlər nazirlərinin həmsədrliyi ilə Strateji Dialoqun 1-ci iclası keçən il Sofiyada keçirildi və bu dialoqun gələcəkdə intensiv şəkildə davam etdirilməsini münasibətlərin dərinləşməsi baxımından vacib hesab edirik.
Təşəkkür edirəm.
Sual-cavab sessiyası:
Məlahət Nəcəfova - APA Informasiya Agentliyi
- Cənab Nazir, ötən həftə Vaşinqtonda ermənistanlı həmkarınızla görüşünüz keçirildi. Bilmək İstərdik ki, bu görüşün konkret nəticəsi nə olub? ATƏT həmsədrlərinin bəyanatında da deyildiyi kimi növbəti görüş üçün ilkin razılaşma var. Ümumiyyətlə bu görüş, yəni xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü 9 iyulda Slovakiyada baş tuta bilərmi?
Qeyd edim ki, Vaşinqtonda 3 saatdan artıq müzakirələr aparmışıq. Bu görüşün nəticəsi olaraq, həmsədrlər bizə rəsmi şəkildə müzakirələrin aparılması ilə bağlı sənədləri yenidən təqdim etdilər. Bu sənədlərdə ilkin olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması nəzərdə tutulur. Ümumiyyətlə, sözügedən sənədlərdə hansı məsələlərin müzakirə olunduğu sizi maraqlandırırsa 9 mart tarixində həmsədrlər tərəfindən verilmiş bəyanatı oxumağınızı tövsiyə edirəm. Bu sənədlərdə müəyyən məsələlər var ki, təbii ki, bizi qane etməyə bilər. Məhz bu baxımdan bir neçə aydan sonra bu məsələlər ətrafında yenidən müzakirələrin aparılması üçün həmsədrlərin təklifi əsasında növbəti görüş keçirilməsi üzrə razılığa gəlmişik.
Həmsədrlər tərəfindən verilmiş bəyanatda da qeyd edildiyi kimi, danışıqların davam etdirilməsi məqsədilə təmas xəttində gərginliyin azaldılması üzrə Vaşınqtonda çağırışlar da oldu. Tərəfimdən danışıqların davam etdirilməsinə bu məsələnin heç bir halda təsir etməməli olduğu bildirilmişdir. Çünki müxtəlif illərdə Madriddə, Kazanda substantiv danışıqların aparıldığı vaxtlarda da təmas xəttində gərginlik müşahidə olunurdu.
Tapdıq Fərhadoğlu, Amerikanın səsi
- Cənab Nazir, danışıqlar davam etdirilir, Madrid prinsipləri, yenilənmiş Madrid prinsipləri, Kazan prinsipləri və s. Bu danışıqların nəticəsi nədir?
Nəticə, ilk növbədə dəfələrlə qeyd etdiyim kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Bu xüsusda, vurğulamaq istərdim ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütovlüyü və suverenliyi bütün dünya ölkələri tərəfindən dəstəklənir, eləcə də BMT Təhlükəsizlik Şurası və digər təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr bunu təsdiqləyir. İlkin addım kimi Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır. Suallar verilir ki, bu paket şəklində yoxsa addım-ba-addım olmalıdır, artıq bəllidir ki bu addım-addım həyata keçiriləcək bir prosesdir.
- Bəs nə zaman çıxacaq işğalçı qüvvələr?
Təbii ki, dəqiq vaxt bildirmək çətindir. Xüsusilə qeyd etməliyəm ki, Ermənistan tərəfi danışıqlar zamanı hər dəfə təhlükəsizlik və status məsələlərini qaldırır. Status məsələsi, eləcə də, beynəlxalq sülhməramlıların yerləşdirilməsi kimi məsələlərdə həmsədrlər tərəfindən konkret təkliflər verilməlidir. Bunu həmsədrlər özləri də qəbul edirlər ki, məsələnin üzərində iş aparılmalıdır.